Eurovision qalibləri Eldar Qasımov və Nigar Camal: "Yaşasın Azərbaycan!.."
Çərşənbə, 25 Yanvar, 2012
"Azərbaycanın möhtəşəm paytaxtı Bakı-avropalıların, şəhərimizin qonaqlarının yaddaşında ömürlük həkk olunacaq"
Azərbaycan məhz möhtəşəm ikiliyin-Eldar Qasımov və Nigar Camalın (Ell&Nikki) Düsseldorfdakı qələbəsi ilə mötəbər Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi şansı qazanıb. "Running Scared" mahnısıyla bütün Avropanın diqqətini özünə cəlb edən Azərbaycanlı sənətçilər yeni fəaliyyətə başlayan eurovision.az saytına eksklüziv müsahibə veriblər.
Onlar Azərbaycan adını estrada musiqisində də birincilər sırasına yazmaqla, tək bizim yox, bütün Avropanın hafizəsinə ömürlük həkk olundular. Müsahibədə Ell&Nikki Eurovision qalibiyyətinin onlara gətirdiyi uğur və yeniliklərdən, növbəti təmsilçimizə daima dəstək olacaqlarından danışdılar.
- Eurovision Mahnı Müsabiqəsindəki qalibiyyətdən sonra həyatınızda nələr dəyişdi. Bu qalibiyyət sizə nələr qazandırdı?
- Eldar: Bu qalibiyyət həyatımı tamamilə dəyişdi. İlk öncə bu müsabiqə ərzində yeni insanlarla tanış oldum. Ailəmə və Azərbaycan xalqına, bütün sevənlərə bu sevinci yaşatdım, bütün həyatım tamamilə dəyişdi. Dünyanı gəzirəm, müxtəlif ölkələri görürəm və bu qalibyyət məni daha da xoşbəxt etdi. Sözsüz ki, qalibiyyət yaradıcılıq sahəsində çox böyük bir təcrübə oldu. İndi Eurovision 2012-nin milli seçimlərinə baxıram və özümü xatırlayıram. Məhz Eurovision yarışmasında iştirakımdam sonra mən kamera qarşısında daha sərbəstəm, fikirlərimi daha yaxşı ifadə edə bilirəm, heç nədən çəkinmədən düşüncələrimi çatdırmaq bacarığına malik oldum. Səhnə sərbəstliyi də beynəlxalq arena üçün çox vacib məqamdır və mən buna da məhz Eurovision səhnəsində yiyələndim. Bu yetəri qədər böyük təcrübədir. Avropada bu çoşğunu görmək və sevilmək mənə daha da mükəmməl işlər ortaya qoymağa təkan verir.
- Nigar: Burada yalnız həyatımızdan söhbət getmir, eyni zamanda özümüzdə çoxlu dəyişikliklər oldu. Dostluq əlaqələri quruldu və daha çox təcrübə qazandıq. Eurovision məktəbini keçdikdən sonra istər-istəməz artıq hər şey fərqli olur və hər bir məsələyə də başqa prizmadan yanaşamağa başlayırsan. Bu təcrübədə olduqca çox üstünlüklər qazanırsan.
- Sizcə Ell&Nikkinin qalibiyyətində əsas hansı faktor rol oynayıb və Düsseldorfda daha çox nəyə görə məhz siz qalib oldunuz?
- Eldar: Düşünürəm ki, bunun bir səbəbi də bizim qələbə arxasınca qaçmamağımız olub. Üç ay hazırlıq ərəfəsində biz qələbə qazanmağımız barədə çoxlu fikirləşmişik. Mütləq qələbə qazanmağımız və birincilik əldə etməyimizi qarşımıza məqsəd qoymuşduq. Hamı kimi biz də məhz qələbə üçün ora gedirdik. Amma səhnədə olanda və 15 gün müddətində Düsseldorfda olduğumuz müddətdə biz yalnız perfomansımız haqqında düşünmüşük. Biz Eurovision-da təmsil olunmaq arzumuza çatdıq və artıq bütün bacarıqlarımızı göstərməli idik və bunu qarşımıza məqsəd qoyduq. Rəqabət haqqında fikirləri tamamilə arxa plana atdıq və sadəcə gözəl perfomans, ifa haqqında düşünməyə başladıq. Fikrimcə, bu, bizim qalibiyyətimizdə böyük rol oynadı. Digər tərəfdən Nigarla üç ay hazırlıq dövründə bir-birimizə o qədər alışdıq ki, Eurovision səhnəsində sevgi macərasını çatdıra bildik. İnsanlar bizim "Running Scared"lə çağırışımıza inandılar. İnandılar ki, dünyada bədbəxt hadisələrdən, təbii fəlakətlərdən başqa sevgi hissi var və bu hiss heç yerə itməyib, batmayıb və sadəcə bunu görmək lazımdır. Biz də bu sevgi hissini sanki sandıqdan çıxardıq və göstərdik ki, baxın bu sevgi var və çox yaxındır. Sadəcə siz əlinizi uzadıb, bu sevgiyə toxunun. İnsanlar elə belə də elədilər və inandılar bizə.
- Nigar: Eldar dediyi kimi komandayla bərabərliyimiz, bütün gücləri səfərbər etmək, dostluq və səmimilik. Eyni zamanda sadəlik və şirin dilə sahib olmağımız, ümumiyyətlə hər şey qalibiyyətimizdə rol oynadı. Biz ürəkdən qalib gələcəyimizə inanırdıq və bizə kömək olması üçün Allaha hər gün dualar edirdik.
- Bakı möhtəşəm Eurovision Mahnı Müsabiqəsinə hazırlaşır. Sizcə Azərbaycanın ev sahibliyi edəcəyi ESC-2012 56 illik Eurovision tarixinə nələrlə düşəcək?
- Nigar: İlk olaraq peşəkar təşkilatçılıqla yadda qalacaq. Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Eurovision bu müsabiqə tarixində ən yaxşısı olacaq.
- Eldar: İlk əvvəl mən çox xoşbəxtəm ki, məhz Nigar və mənim sayəmdə bu möhtəşəm musiqi bayramı Bakıda keçiriləcək. Düşünürəm ki, Eurovision yarışması ilk dəfədir ki, belə uzaq məsafədə baş tutacaq. Bildiyim qədəri ilə Eurovision Şərqdə yalnız Türkiyədə olmuşdu. Növbəti dəfə də Azərbaycanda olacaq və coğrafi baxımından Azərbaycan mərkəzi Avropadan uzaq ölkələrdən biridir. Burda avropalılar çox fərqliliklər görəcəklər. Nəinki səhnədə insanlarımızda, mentolitetimizdə, mədəniyyətimizdə yeniliklərin şahidi olacaqlar. Bütün bunlardan, gördüklərindən nələrisə özlərinə götürəcək, nələrsə özləri ilə gətirəcəklər. Azərbaycan Avropa və Asiya, Şərqin qarışığıdır. Bu sintezdən irəli gələn gözəllik səhnədə, açılış mərasimində də biruzə verəcək. Ümumiyyətlə, avropalılar Eurovision ab-havasında bütün gözəlliyi görəcəklər. Azərbaycanın möhtəşəm paytaxtı Bakı avropalıların, şəhərimizin qonaqlarının yaddaşlarında ömürlük həkk olunacaq.
- Sizi duet şəklində Ell&Nikki olaraq Eurovision səhnəsi yaratdı. “Eurovision”dan sonra biz sizin yeni duetinizə rast gəlmədik. Bu şəxsi karyera istəyinizdən irəli gəlir, yoxsa qarşıda Ell&Nikki-dən belə bir yenilik gözləyək?
- Eldar: Əlbəttə çox istərdim ki, gələcəkdə də bizdə duetlər olsun, amma bu çox böyük bir məsuliyyətdir. Bu qələbədən, zirvədən və "Running Scared"dən sonra birgə ifa edəcəyimiz mahnı daha da möhtəşəm, qələbəyə uyğun bir mahnı olmalıdır. Bu isə çox çətindir, çünki bu həm də söz və musiqi müəllifləri üçün böyük məsuliyyətdir. Biz hələ axtarışdayıq və mən bəstəkarla əlaqə saxlayıram. İstəyirik çox gözəl, təntənəli bir mahnı olsun. Əlbəttə ki, “Running Scared”in davamı olmalıdır. Ssenari ilə getməlidir və bu çox çətindir, amma bunu etməyə çalışacağıq. Şəxsən mən də növbəti duetimizi gözləyirəm.
- Nigar: Biz hazırda solo mahnılar üzərində işləyirik və yeni duetlə bağlı da danışıqlar aparırıq. Eldarla yeni duetimiz olacaq.
- Siz hər bir uğurunuzda bir-birinizi dəstəkləyir və əsl dostluq mövqeyinizi ortaya qoyursunuz. Hansısa yeni layihədən öncə bir-birinizlə məsləhətləşirsinizmi?
- Nigar: Müxtəlif cür olur, amma tez-tez bir-birimizlə məsləhətləşirik, eyni zamanda gələcək planlar və layihələr barədə fikir mübadiləsi aparırıq.
- Eldar: Bizim bir-birimizə dəstəyimiz elə Eurovision-da iştirakımızdan başlayıb. Həmin vaxtlarda Nigar məndən, mən Nigardan soruşurduq, bir-birimizlə bölüşürdük, məsləhətlər verirdik. Bu günün özündə də geyimdən başlamış hansısa mahnıya kimi bir-birimizdən tövsiyələr alırıq. Nigarla çox gözəl münasibətlərimiz var.
- Eurovision Mahnı Müsabiqəsinin dəyişilməz qaydası var. Müsabiqə qalibinin bu fürsətdən istifadə etmək üçün bir il vaxtı olur. Sizcə bu müddətdən öz xeyrinizə yetəri qədər istifadə edə bilirsinizmi?
- Eldar: Öz adıma deyim mən bu fürsətdən istifadə edirəm. Çalışıram ki, yetəri qədər istifadə edim. Eurovision qalibinə ayrılan bu bir il əslində bir il deyil, bu sadəcə istəkdən asılıdır. Əgər daha böyük səhnələrə çıxmaq və dünya auditoriyası qarşısında çıxış etmək istəyirəmsə, bunun üçün dayanmadan işləməliyəm. Bir və ya iki-üç ildən sonra iş görməliyəm ki, daha böyük musiqiçi olum və arzularıma çatım. Yəni söhbət bu müsabiqə qalibinin bir il vaxtı olmasından getmir, ürəkdən istəyən və dayanmadan çalışan bir insan bunun davamını daha möhtəşəm şəkildə gətirməlidir.
- Nigar: Bütün bunlar musiqiçidən, onun işinə düzgün yanaşması, həmçinin uğur və şansdan asılıdır. Bu çox önəmli bir məsələdir və fikrimcə sadəcə Eurovision qalibi olmaqla kifayətlənmək olmaz, bunun daha möhtəşəm davamı olmalıdır.
- Qalibiyyətdən sonra Eldar, sən kinoya üz tutdun, Nigar sən isə yeni kliplər çəkdirdin. Bəs bundan sonra Eldardan klip, Nigardansa film gözləyəkmi?
- Nigar: Bu da mümkün olan bir şeydir (gülür).
- Eldar: Klip hələ ki, fikrimdə yoxdur. İstəyirəm mahnı çox gözəl və klip çox səviyyəli olsun. Yəni ssenari, mahnılar yazılır, nəsə xoşuma gəlir və gəlmir. İfa edəcəyim mahnı ilk əvvəl çox gözəl olmalı və insanların ürəyini oxşamalıdır. Amma klip haqqında fikirləşməmişəm. Hələ ki, kinodayam.
-“Eurovision qalibi” adı ilə kifayətlənirsiniz, yoxsa dünya musiqi aləmində yeni hədəfləriniz var?
- Eldar: Yox əlbəttə, sadəcə bu adla kifayətlənmirəm. Düsseldorfda qələbədən sonra biz qaldığımız mehmanxanaya getdik, orda qələbəmizi qeyd etdikdən sonra mən otağıma girən kimi gül dəstələrini, təbriknamələri bir yerə qoydum, əyləşdim və fikirləşdim ki, Eurovision bitdi, bəs bundan sonra nə? Sanki içimdə hansısa bir boşluq hiss etdim və düşündüm ki, bu son ola bilməz və nəsə başqa bir şey olmalıdır. Bir arzu yerinə yetdi, onun yerinə başqa bir arzu gəlir. İnsanın qarşısına daha böyük hədəflər çıxır. Çünki insan yüksəklərə qalxdıqca pillələr və hədəflər artır. Və məndə də belə oldu. "Grammy", "Oskar" və daha nələr, nələr arzusundayam. İnşallah bu arzularıma da çataram.
- Nigar: İdeyalar, istəklər və bu yönə doğru irəliləməmiz, cəhdlərimiz çoxdur, bircə onları reallığa çevirmək qalıb. Hazırda biz məhz bu istəklərin reallaşması üçün çalışırıq və bütün səylərimizi bu yolda səfərbər etmişik.
- Nigar sən Beyonce və JLo ilə, Eldar sənsə Celine Dionla duet oxumaq arzunuzu dilə gətirmisiniz. Bu istəyinizin reallaşması üçün ilkin addımlar atılıbmı?
- Eldar: Hələ ki, bu arzu arzu olaraq da qalır. Amma nəzərə alaq ki, arzular da çin olur və bu arzumun da çin olması mümkündür. Neçə ki, Eurovision arzum çin oldu...
- Nigar: Hər halda arzulamaq ziyan deyil, arzularla yaşamaq gözəl bir hissdir və insanı yaşamağa sövq edir. Amma bununla bağlı danışmaq hələ ki, çox tezdir.
- Bakıda Eurovision 2012 şousunun açılışı məhz sizin çıxışınızla olacaq. Bu çıxışa necə hazırlaşırsınız və şounuz nələrlə fərqlənəcək?
- Eldar: Hələ ki, Bakıda düzənlənəcək Eurovision yarışmasında bədii hissənin və bizim çıxışımızın necə olacağı məlum deyil. Çünki hazırda möhtəşəm şounun keçirilməsi üçün nəzərdə tutulan məkanların tikinti və yenidənqurma işləri aparılır. Biz hələ bədii hissənin necə olacağını bilmirik. Amma bu barədə qəti bir şey məlum olanda bunu ilk əvvəl eurovision.az oxucuları biləcək.
- 57-ci ESC-də Azərbaycan təmsilçisinin seçilməsi üçün İctimai Teleradionun canlı yayımında həyata keçirilən Milli Seçimləri izləyirsinizmi və Bakı səhnəsində ölkəmizi kimin təmsil etməsini istərdiniz?
- Nigar: Milli seçimləri izləyirəm və güclü iştirakçıları müəyyənləşdirməmişəm. Mən namizədlərə bu məsuliyyətli yolu keçmiş biri kimi tövsiyə edirəm ki, öz üzərilərində daima, dayanmadan işləsinlər. Həm səs bacarıqları, həm də ingilis dili bilgilərini artırsınlar. Azərbaycanın hər il bu cür beynəlxalq layihələrdə layiqli təmsil olunmasını arzulayıram və bu hər birimizin istəyidir. O səbəbdən də bu məsuliyyəti dərk etmək vacibdir.
- Eldar: İndi bu sualı cavablandırmaq və konkret kiminsə adını çəkmək düzgün olmaz. Tam obyektiv olmaq üçün bütün finalçıları görməliyəm.
- Sözsüz ki, ölkənin müsabiqədə qalib gəlməsi yolunda dayanmadan işləmək tək ifaçıların deyil, bütün komandanın üzərinə düşür. Bəs, qalib olmaq üçün şəxsən təmsilçidən nələr tələb olunur?
- Nigar: Əməksevərlilik, güzəştə və hamıyla yola getməyi bacarmaq lazımdır. Mütləq şəkildə komanda ilə ümumi dil tapmaq, sadəlik və Vətənə böyük sevgi tələb olunur!
- Eldar: Xüsusi olaraq, bütün komandanın sözünə qulaq asmalı və şəxsiyyət olmalısan. Böyük çıxmasın, amma daxilində bütün dünya-aləm birləşməlidir və çoxsaylı insan kütləsi sənə baxanda birmənalı olaraq-bu ulduzdur, bu əsl artistdir, bu 40 min tamaşaçını ələ ala bilər düşünməlidir. Bütün kütləni öz müsbət enerjisi və ifası ilə idarə edə bilmək bacarığına sahib olmalıdır. Eurovision təmsilçisi və qalibi məhz belə insan olmalıdır.
- Eurovision 2012-də Azərbaycan təmsilçisinə hansı tövsiyələriniz var və artıq ifaçı müəyyənləşdikdən sonra onunla görüşmək və keçdiyiniz bu məsuliyyətli yol haqqında onu məlumatlandırmaq istəyirsinizmi?
- Eldar: Əlbəttə, mütləq və mütləq. Çox istərdim ki, Eurovision 2012 təmsilçimizlə görüşüm və söhbətləşim. Bu həm mənim, həm də təmsilçi üçün çox vacibdir. Biz artıq bu məsuliyyətli yolu keçdik və bəzi nüansları artıq bilirik. Bu bizim ən azı borcumuzdur. Sadəcə bildirmək istərdim ki, növbəti təmsilçimiz bundan çəkinməsin və bilsin ki, bu bizim üçün çox xoş olar. O, bizə istədiyi sualları versin, nə qədər çox sual versə, qələbəyə daha da yaxın olacaq.
- Nigar: Eldarın sözünə qüvvət, təmsilçimizlə mütləq görüşəcəyik. Hər zaman həmyerlilərimizi dəstəkləməyə və lazım olan məsləhətləri verməyə hazırıq.
- Məhz Azərbaycanın qalibiyyəti növbəti təmsilçimizə birbaşa finalda çıxış etmək şansı verir. Fikrimcə, bu özü də təmsilçimiz üçün bir yüngüllükdür. Azərbaycanın ESC 2012-də neçənçi yerdə olmağını arzulayırsınız?
- Eldar: Sözsüz ki, qələbə çalmasını istəyərdim. Biz hamımız bilirik ki, bu bir az çətindir. Amma Eurovision tarixinə nəzər saldıqda İrlandiyanın bir neçə il ardıcıl qələbə qazandığını görürsən. Hər şey mümkündür. Mən buna sadəcə ümid edə bilərəm və bunu ürəkdən arzulayıram.
- Nigar: Hələ ki, bunu demək çox tezdir. Əslində bu məsələdə çox şey təmsilçinin məhz özündən asılıdır. Onun əməksevərliyindən, müsbət enerjili olmasından və insanlarla dil tapması, onlarla yola getməsi, ingilis dilində sərbəst danışmaq bacarığı ilə bağlıdır. Əgər bununla bağlı hər hansısa problem olmasa, o zaman yüksək şanslarımız var. Yox əgər özündən müştəbeh olsa, insanlarla soyuq davransa və onlarla daimi ünsiyyətdə olmasa bununla da həmin şəxs münsiflər heyəti və tamaşaçılar qarşısında öz qiymətini alacaq.
- Yenicə fəaliyyətə başlayan Eurovision Mahnı Müsabiqəsi 2012-nin milli saytı olan eurovision.az-ın oxucularına arzularınızı eşitmək istərdik.
- Eldar: Arzu edirəm ki, eurovision.az saytının bütün istifadəçiləri indidən başlayaraq Eurovision-un sonuncu gününə kimi bu möhtəşəm müsabiqənin ab-havasını hiss edib, yaşasınlar. Onlara məhz bayram əhval-ruhiyyəsi sirayət etsin. Təmsilçimizin kimliyindən asılı olmayaraq, onun Azərbaycan xalqına çox böyük bir ehtiyacı var. Ona görə də gəlin hamımız növbəti təmsilçimizə dəstək olaq! Bir olaq və bu çox böyük bir şeydir. Azərbaycan və xalqımız Nigarla mənə inandı, eləcə də növbəti təmsilçimizə tam inanmalıdır. Çox istərdim ki, eurovision.az saytının bütün istifadəçiləri bu insana inansınlar və dəstəkləsinlər!
- Nigar: Vətənimə və sizlərə hər zaman uğurlar diləyirəm! YAŞASIN AZƏRBAYCAN!!!
Müəllif: Ülkər Qasımova
eurovision.az


