Milli Seçimlərin yarışma həftəsi başa çatır
Cümə, 27 Yanvar, 2012
Yanvarın 28-də sonuncu yarımfinalçı məlum olacaq.
Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisinin seçilməsi üzrə keçirilən Milli Seçim turunun yarışma həftələri yanvarın 28-də başa çatacaq.
Məhz sabah İctimai Teleradionun efirində Milli Seçimlərin sonuncu yarımfinalçısı seçiləcək.
Bundan sonra Milli Seçim həftələrinin qalibləri yarımfinal mərhələsində mübarisə aparacaq. Yarımfinalın başlanma tarixi əvvəlcədən elan olunacaq.
Xatırladaq ki, İctimai Teleradionun efirində Milli Seçim həftəsinə ötən ilin noyabrın 28-də start verilib. Hər həftə seçimlərdə 9 ifaçı öz şousunu nümayiş etdirib. Tamaşaçı və münsiflər heyətinin səsverməsi nəticəsində hər həftədən bir ifaçı növbəti mərhələyə vəsiqə qazanıb. Artıq yarımfinal mərhələsinin 7 iştirakçısı məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı və Səbinə Babayevadır. Sonuncu yarımfinalçının adı məhz sabah bəlli olacaq.
eurovision.az


