• Azərbaycan
  • English

Eurovision “Odlar Yurdu”nda

Çərşənbə, 25 Yanvar, 2012


Əsrlər boyu qəlbimizdə məhəbbətlə yoğurduğumuz atəşi nəsillərdən-nəsillərə ötürdük. Könlümüzə hərarət verən odu, şəffaflıq, əmin-amanlıq və sülhsevərliyi təcəssüm etdirən Günəş və ulduzları sehrli naxışlara köçürərək mədəniyyət incilərimizdə əks etdirdik.

Çoxsaylı arxeoloji və memarlıq abidələri, qədim daş kitabələr, qayaüstü rəsmlər, əlyazmalar, bənzərsiz və zəngin musiqi parçaları, o cümlədən ecazkar muğam, əsrlərin dərinliklərindən bizə miras qalmış xalça naxışları, dünya muzeylərində öz layiqli yerini tutmuş yüzlərlə maddi və mənəvi nümunələrimiz qədim “Odlar Yurdu”nun dünya mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdir. Müsəlman Şərqində ilk dünyəvi teatr, ilk opera və ilk balet, ilk Elmlər Akademiyası məhz Azərbaycanda yaradılıb.
 

Qəlbimizi isidən bu hissləri insanlarla paylaşdıq

Qəlbimizi isidən bu hissləri müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli mədəniyyət və ənənələrə mənsub olan insanlarla paylaşdıq.

Azərbaycanda əsrlər boyu müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli mədəniyyət və ənənələrə mənsub olan insanlar yaşayıb. Və əlbəttə, bu torpağa qədəm qoyan hər kəs tarixin nəfəsini, mədəniyyətlərin və sivilizasiyaların özəlliyini, ötən əsrlərin varlığını burada hiss edir.  
 

Bəşəriyyətə, insanlığa, sülhə olan sevgimizin məşəlini əbədi yaşatmaq üçün onu musiqi ilə bəslədik


Əsrlər boyu formalaşan, nəsildən-nəslə keçərək yaşayan,  bədii kamillik və zəngin janr növlərinə malik ecazkar Azərbaycan musiqisinin çoxəsrlik inkişaf tarixi var. Azərbaycan milli musiqi sənətində rəqslər, xalq mahnıları, aşıq yaradıcılığı özünəməxsus yer tutur. 2007-ci ildə UNESCO tərəfindən Dünya mədəni irs siyahısına daxil edilən Qobustan Dövlət Tarixi-Bədii Qoruğundakı qayaüstü rəsmlərdə rəqs səhnələrinin təsvir edilməsi musiqi mədəniyyətinin burada qədim zamanlardan formalaşdığını sübut edir. 2003-cü ildə Azərbaycan milli musiqisinin bünövrəsi hesab olunan  muğam, 2009-cu ildə isə aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
 

Bu musiqi Azərbaycan xalqının ürəyində yaşayan sevginin gücü ilə alovlanır  və bu gün bizim dostluq tonqalımız bütün musiqisevərləri “Odlar Yurdu”na toplayır


Dünyada mövcud olan problemlərin, münaqişələrin həll edilməsində, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmətin təşviqində dialoq ən vacib vasitədir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına daim öz töhfəsini verib. Xalqların yaxınlaşmasında, bir-birini daha yaxşı tanımasında, ortaq dəyərlərin formalaşmasında musiqi əvəzsiz vasitədir. Ölkəmiz artıq neçə illərdir ki, beynəlxalq musiqi festivallarının keçirildiyi məkan kimi tanınır.  Keçirilən hər bir tədbir, ilk növbədə, müxtəlif millətlərin mədəniyyətinin qarşılıqlı zənginləşməsinə səbəb olur və xalqlar arasındakı birliyi daha da gücləndirir. Əsrlərlə formalaşan musiqi sənətinin hərarəti bu gün bizi bir araya– Eurovision Mahnı Müsabiqəsinə toplayır.
 

Əbədi məşəlin sehri ilə
Sevginiz, arzunuz coşub daşacaq!
Odun ritmi ilə, nəğməsi ilə
Ruhunun atəşi alovlanacaq!

    
 

  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!