İspaniya / Pastora Soler
İspaniyanı Eurovision Mahnı Müsabiqəsi 2012-də Pastora Soler təmsil edəcək. Ölkənin müsabiqə üzrə milli yayımçısı olan “TVE” kanalı təmsilçini münsiflər heyəti və tamaşaçı səsverməsi nəticəsində seçib. Pastora Soler 1978-ci ildə İspaniyada anadan olub. İlk musiqi albomu 1994-cü ildə işıq üzü görən müğənninin bu vaxtadək 10 albomu olub.
Bosniya və Herseqovina / Maya Sar
Bosniya və Herseqovinanın milli yayımçısı BHRT 2012-ci ilin mayında Bakıda ölkəni Maya Sarın təmsil edəcəyini açıqlayıb. Maya Sar gənc istedadlı müğənnidir və bir sıra nailiyyətlərə imza atıb. Müğənni uzun müddət Dino Merlinin qrupunun üzvü olub və 56-cı Eurovision Mahnı Müsabiqəsində onunla bir səhnədə çıxış edib.
Albaniya / Rona Nişliu
Albaniyanı Eurovision Mahnı Müsabiqəsində Rona Nişliu (Rona Nishliu) təmsil edəcək. Kosovonun Mitrovica şəhərində anadan olan Rona Nişliu möhtəşəm Eurovision səhnəsində “Suus” adlı mahnı ilə ölkəsini qalib etmək uğrunda mübarizə aparacaq.
Belçika / Laura van den Bruel
Belçikanı Eurovision Mahnı Müsabiqəsi 2012-də 16 yaşlı Laura van den Bruel (İris) təmsil edəcək. İris daha çox “country pop” üslubundakı mahnılara üstünlük verir.
Fransa / Anqun
Fransanı Eurovision Mahnı Müsabiqəsi 2012-də Anqun (Anggun) təmsil edəcək. 37 yaşlı müğənni İndoneziyanın Cakarta şəhərində anadan olub və uşaq yaşlarından oxumağa başlayıb. Onun “Snow in the Sahara” adlı albomu dünyanın 30 ölkəsində, o cümlədən ABŞ-da buraxılıb. Müğənninin bu yaxınlarda “Echo(You&I)” adlı yeni albomu işıq üzü görüb.
Anqun deyib ki, onun üçün Fransanı bu yarışmada təmsil etmək böyük hədiyyədir.
İsveçrə / “Sinplus''
İsveçrəni Eurovision 2012-də ”Sinplus” qrupu təmsil edəcək. Qrupun yaradıcıları İvan və Qabriel qardaşlarıdır. Qardaşların Bakı səhnəsində “Unbreakable” mahnısı ilə çıxış edəcəyi açıqlanıb.
Makedoniya / Kaliopi
Makedoniyanın milli yayımçısı olan “MKRTV” Eurovision 2012-də ölkəni Kaliopi adlı müğənninin təmsil edəcəyini açıqlayıb. Kaliopi Bukle Balkanlarda məşhur müğənnilərdəndir. O, vətənində 100-dən çox konsert verib, teatr və filmlərdə çıxış edib.
Serbiya / Zeljko Yoksimoviç
Serbiya Bakıda keçiriləcək Eurovison Mahnı Müsabiqəsində təmsilçisini elan edən ilk ölkələrdən biridir. RTS telekanalı daxili seçkilər nəticəsində ölkəni Zeljko Yoksimoviçin (Zeljko Joksimovic) təmsil etməsinə qərar verib. O, “Eurovision-2004″də Serbiya və Monteneqronu təmsil edərək 2-ci yerə layiq görülüb. Zeljko həmçinin Bosniya və Herseqovinaya “Eurovision 2006″da 3-cü yeri qazandıran “Lejla” mahnısının müəllifidir. Eləcə də Serbiya təmsilçisinin “Eurovision-2008″də ifa etdiyi mahnının və Azərbaycanın “Eurovision-2010″dakı mahnısının Balkan versiyasını hazırlayıb. Zeljko Yoksimoviç “Eurovision-2012” də ifa edəcəyi mahnını özü bəstələyəcək.
Kipr / İvi Adamou
Kiprdən 57-ci Eurovision yarışmasında qalibiyyət uğrunda İvi Adamou mübarizə aparacaq. İvi musiqi karyerasına Yunanıstanın “X-Factor” yarışmasından başlayıb. Onun “Sose me” mahnısı daha çox məşhur olub.
Monteneqro / Rambo Amadeus
Monteneqroda keçirilən milli seçim turlarında “Eurovision-2012” təmsilçisi Rambo Amadeus seçilib. Əsl adı Antoniye Puşiç (Antonije Pušić) olan Rambo Amadeus 1963–cü ildə doğulub. Təmsilçi bildirib ki, müsabiqədə iştirak etməkdə əsas məqsədi Monteneqronu brend, turizm ölkəsi kimi tanıtmaqdır.
Xorvatiya / Nina Badriç
Xorvatiyanı Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsində Nina Badriç adlı məşhur müğənni təmsil edəcək. N.Badriç 1993, 1994, 1995 və 2003-cü illərdə Xorvatiyanı bu müsabiqədə təmsil etmək arzusunda olub. Hətta 2003-cü ildə Milli Seçim turunda 2-ci yerə kimi yüksəlib. Gənc yaşlarından musiqi ilə məşğul olan N.Badriçin "Godine nestvarne" adlı ilk albomu 1995-ci ildə işıq üzü görüb. Nina müxtəlif musiqi müsabiqələrində uğurla çıxış edib. Bu gün o, Xorvatiyanın ən məşhur estrada ulduzlarından biridir.
Türkiyə / Can Bonomo
Gitaraçı olan Can Bonomo sənətdə ilk addımlarını 8 yaşında atıb. İstanbuldakı Bilgi Universitetinin kino və televiziya fakültəsində təhsil alıb. Türkiyənin müxtəlif televiziya və radio kanallarında çalışıb, bir neçə reklamlara çəkilib. Onun sonuncu “Meczub” albomu hitə çevrilib. Albomdakı demək olar ki, bütün mahnılar Can Bonomoya aiddir.
Danimarka / Soluna Samay
Danimarkanı Azərbaycanın ev sahibliyi edəcəyi Eurovision Mahnı Müsabiqəsi-2012-də Soluna Samay təmsil edəcək. 1990-cı ildə anadan olan Soluna Samay musiqi karyerasina “Sing Out Loud” musiqi albomu ilə başlayıb. Onun Bakı səhnəsində ifa edəcəyi mahnı da artıq məlumdur. Soluna Samay “Should have known better” (“Daha yaxşı tanınmalı idi”) mahnısı ilə çıxış edəcək.
Malta / Kurt Kalleya
Bəstəkar və müğənni Kurt Kalleya (Kurt Calleja) 1989-cu ildə, mayın 5-də anadan olub. O, Londonda bir çox məşhur klubların səhnəsində çıxış edib. 2010 və 2011-ci illərdə Maltanın Milli Seçim turlarının iştirakçısı olub. Bu il Milli Finalda 16 iştirakçı arasından qalib seçilib. May ayında Bakıda ölkəsini "This is the night" mahnısı ilə təmsil edəcək.
İsrail / İzabo
İsraili Eurovision Mahnı Müsabiqəsi 2012-də “İzabo” rok qrupu “Time” mahnısı ilə təmsil edəcək. Qrup 4 musiqiçidən-Ran Shem-Tov (vokal və gitara), Shiri Hadar (klavir), Jonathan Levy (bas gitara) və Nir Mantzurdan (baraban) ibarətdir.
Norveç / Tooji
Norveç müğənnisi Touraj Keshtkar (Tooji) 1987-ci ildə İranda doğulub. Bir yaşında ikən ailəsi Norveçə köçüb. 16 yaşından model sənətinə gəlib. Daha sonra karyerasını televiziyada davam etdirən Tooji Norveçin MTV kanalında 2 proqramda aparıcı kimi çalışıb. "Swan Song" adlı ilk mahnısını 2008-ci ildə təqdim edib. Eurovision 2012-də Norveçi Azərbaycanda təmsil edəcək.
İslandiya
/ Gréta Salóme & Jónsi
İslandiya Eurovison 2012-də duetlə təmsil olunur. Islandiyalı müğənni və skripkaçı Qreta Salome (Gréta Salóme Stefánsdóttir) 1986-cı ildə dünyaya gəlib. Uşaq yaşlarından musiqi fəaliyyəti ilə məşğuldur. 4 yaşından skripkada ifa etməyə başlayıb. Onun duet ortağı Yonsi (Jónsi) təxəllüslü İslandiya müğənnisi Jon Josef Snabjornsson 1977-ci ildə doğulub. Musiqi karyerasına 1997-ci ildən başlayıb. 1998-ci ildən “İn black clothing” qrupunun üzvüdür. İlk debütünü həmin qrupun tərkibində 1999-cu ildə edib.
Macarıstan
/ “Compact Disco”
Macarıstanın “Compact Disco” rok qrupu 2008-ci ildə yaradılıb. Qrup Behnam Lotfi, Gábor Pál, Attila Sándor and Csaba Walkódan ibarətdir. Qısa vaxt ərzində qrup üzvləri iki musiqi albomu çıxarıb. “I’m in Love” adlı mahnısı onlara “Best Hungarian Artist” nominasiyasında MTV “European Music Award”ı qazandırıb. 2012-ci ildə Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsində onlar Macarıstanı birlikdə yazdıqları «Sound of our hearts» mahnısı ilə təmsil edəcəklər.