• Azərbaycan
  • English

EuroClub

Eurovision fanlarının sevimli ünvanı-“EuroClub”un Bakıdakı yeri qısa zamanda açıqlanacaq

“EuroClub” Eurovision Mahnı Müsabiqəsinin əsas və əyləncə dolu məkanlarından biridir.
Nümayəndə heyətləri, müsabiqədə akkreditasiya olunan media nümayəndələri və fanların ən çox əyləndikləri yer məhz  “EuroClub”dur.
Müsabiqə günlərində səhərə kimi əyləncə, musiqi, rəqs sizi məhz burada gözləyir. Günün stresini, məşqlərdən, konsertdən sonrakı gərginliyi məhz burada atmaq olar.
Amma “EuroClub”u adət etdiyimiz disko klublardan fərqləndirən özəlliklər var. Bura həm də iştirakçı ölkələrin, təmsilçilərin bir tanıtım meydanıdır. Burada 40-dan çox ölkənin nümayəndə heyəti tanıtım xarakterli müxtəlif tədbirlər keçirir. Xüsusi tanıtım gecələrində həmin ölkənin milli adət-ənənələri, musiqisi, milli mətbəxi də təqdim olunur.
 

“EuroClub” iştirakçı ölkələrin təmsilçiləri ilə, yeni-yeni dostlarla ünsiyyət saxlamaq üçün gözəl vasitədir. “EuroClub”larda açılış partiləri, birinci və ikinci yarımfinallarından sonra, eləcə də final mərhələsindən sonra partilər təşkil olunur.
Məsələn, Azərbaycan 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsində ilk dəfə iştirak etdiyi zaman Belqraddakı “EuroClub”da ölkənin tanıtım mərasimində yaddaqalan bir parti keçirilmişdi. Azərbaycan gecəsində milli mətbəximizin ləziz nümunələri bütün Avropanın diqqətini cəlb etmişdi. Azərbaycan musiqisi, rəqsləri, “Natiq” ritm qrupunun çıxışı isə tamaşaçılarda dərin təəssürat yaratmışdı.
Bu məkanın özəlliklərindən biri də müsabiqə təmsilçilərinin "EuroClub"lara gələrək rəqiblərinə dəstək olmalarıdır.
 

Son illər Eurovision Mahnı Müsabiqəsində ən yaddaqalan "EuroClub"lardan birinin 2009-cu ildə Moskvada təşkil olunduğunu desək, yəqin ki, yanılmarıq. “Qırmızı meydan”da yerləşən Mərkəzi Sərgi Salonundakı "EuroClub" geniş bir sahəni əhatə edirdi. Elə bu da ora kifayət qədər insanın toplaşmasına imkan verirdi. 54-cü Eurovision Mahnı Müsabiqəsinin ev sahibi olan Moskvada istər şounun keçirildiyi "Olimpiyski" zal, istərsə də "EuroClub" bütün müsabiqə iştirakçılarını, beynəlxalq media nümayəndələrini, fanatları məmnun edirdi. Əksər hallarda bu məkanda içkilər satışda olur və kifayət qədər baha satılır. Amma Moskva "EuroClub"unun üstün cəhətlərindən biri də içkilərin pulsuz verilməsi idi. Moskvada "EuroClub"a giriş akkreditasiya kartları ilə olurdu.

 

Norveçin paytaxtı Oslo və Almaniyanın Düsseldorf şəhərində isə bir yox, bir neçə "EuroClub" var idi. Eyni saatlarda müxtəlif ünvanlarda bir neçə ölkənin partiləri keçirilirdi. Osloda bəzi hallarda bu məkana giriş xüsusi dəvətnamə ilə olurdu. Düsseldorfda isə giriş qonaqların biləklərinə bağlanılan xüsusi giriş kartı ilə idi.
Bəs, Bakıda “EuroClub”un ünvanı hara olacaq? 57-ci Eurovision Mahnı Müsabiqəsinin fanlarını Bakıdakı “EuroClub”da hansı özəlliklər, hansı sürprizlər gözləyir? Bunu çox qısa zamanda açıqlayacağıq. “EuroClub”un ünvanı artıq bəllidir və tezliklə sizlərlə paylaşacağıq.

 


  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!