• Azərbaycan
  • English

Restoranlar

AZƏRBAYCAN MƏTBƏXİ

Azərbaycan mətbəxini bir dadan bir də dadmaq istəyir. Təbiəti, insanları kimi, Azərbaycan mətbəxinin hər bir nümunəsi də öz ləzizliyi ilə seçilir. Bəs bunun sirri nədədir?
Ən mühüm amil qonaqpərvərlikdir. Süfrəmizin zənginliyi, mətbəximizin ləzizliyi ilə yanaşı, qonaqpərvərliyimiz, gülərüzlüyümüz məmləkətimizə təşrif gətirən insanların ürəyində iz qoyur. Burda bir özəllik də var. Azərbaycan Respublikasının ərazisindən doqquz iqlim zonası keçir. Bu isə öz növbəsində regionun flora və faunasının növ müxtəlifliyi və zənginliyinə təsir edir, bütün heyvanların və bitkilərin yaşayışı, inkişafı üçün əlverişli şərait yaradır.

OCAQ

Mətbəxə təsir edən əsas amil həm də ocaq hesab olunur. Təndir, kürə, buxarı, külfə, sac, manqal və digər açıq və qapalı ocaqlarda müxtəlif növ milli xörəklər hazırlanır. Bunun isə dadını heç nə əvəz edə bilməz.





 

QAB-QACAQ

Özünəməxsus qab-qacaqlar və mətbəx ləvazimatı da Azərbaycan mətbəxinə xeyli təsir göstərib. Müasir dövrdə heyvan dərisindən, daşdan, ağacdan, gildən, şüşədən, metaldan və digər müxtəlif qab-qacaqlardan istifadə edilir. Azərbaycan milli xörəkləri keçmişdə mis qazanlarda hazırlanardı. Bu günün özündə belə mis qazanda bişirilən xörəklər daha dadlı olur. Ona görə də Azərbaycan milli mətbəxinin əsyaları-qazan, süzgəç, tava, sini, kəfkir və digərləri əsasən misdən hazırlanır.


 

ƏDVİYYAT

Ədviyyatların isə mətbəxdə öz yeri və dadı var. Xörəklərimizdə ədviyyatlardan zəfəran, cirə, razyana, zirə, dəfnə yarpağı, kəklikotu və s. işlədilir. Limon, zeytun, abqora, əzgil, narşərab, alça, albuxara, nar, zoğal axtası, qaysı, sumaq da  xörəklərimizə ləzizlik gətirir. Amma təkcə ləzizlik vermir. Ədviyyatların hər birinin müalicəvi təsiri var.




 

BAŞLANĞIC YEMƏKLƏR

Azərbaycan  süfrəsinin ilkin yeməkləri növbənöv salatlar, kükü, fisincan, ləvəngi, sıyıq və dürməklərdir. Bu təamlar  orqanizmə xeyirli, həm də iştahartırıcıdır.  Başlanğıc yeməklər kimi Şəki üsulunda tərəvəz salatı, balıq, göyərti və fındıqlı kükülər, toyuq ləvəngisi,  ispanaqlı fisincan da təklif olunur.




 

DURU YEMƏKLƏR

Azərbaycan mətbəxində ən çox  bişən sulu xörəklər– Şəki pitisi,  bozbaş növləri (küftə bozbaş, parça bozbaş), sulu xəngəllər, düşbərə və dovğalardır.






 

ƏSAS YEMƏKLƏR

Azərbaycan süfrəsində  əriştə, kabab, cığırtma, plov, dolma, qutabların (balqabaqlı, göy və ət qutabları) yeri məxsusidir. Bu xörəklərin hər birinin yüzlərlə növü var. Azərbaycanın usta aşbazları öz mətbəx sirləri ilə bu təamların dadına dad qatır.





 

PLOV

Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Plov isə süfrələrin şahı sayılır. Süfrədə onun digər adı “Aş” dır. Azərbaycanda plovun 200-ə yaxın növü-Fisincan plov, Şüyüd plov, Şah plov, Toyuq plov, Səbzi-qovurma plov, Döşəmə plov, Lobyalı plov və s. var.




 

DOLMA

Qədim milli xörəklərimizdən biri isə dolmadır. Onun 30-dan artıq növü hazırlanır. Dolma qədim türk sözü olub, mənaca "dolmaq" felindən götürülüb. Bəzi regionlarda buna "sarma" da deyirlər. Bu da "sarmaq" felindən götürülüb. İstifadə olunan məhsullardan və texnologiyadan asılı olaraq müxtəlif növləri var. Dolma üzüm, kələm, heyva, vələs, fındıq yarpağına bükülmüş ət qiyməsi və düyüdən hazırlanır. Alma, balıq, badımcan, pomidor, istiot dolmasının da məxsusi dadı var.  Təkcə kələm dolmasının 15 növü məlumdur.


 

XƏMİR XÖRƏKLƏRİ

Xəmir xörəkləri Azərbaycan mətbəxində xüsusi yer tutur.  "Xəngəl" (sulu xəngəl və yarpaq xəngəli), "Gürzə", "Düsbərə", "Xaşıl", “Göy qutabı”, “Ət qutabı” və undan hazırlanan digər xörəklər əsasən soyuq havada yeyilir. Azərbaycan süfrəsinə qonaq olsanız, mütləq xəşil, quymaq, gürzə kimi xəmir xörəkləri  və ənənəvi  halva, govutun da dadına baxın.



 

DESERTLƏR

Bura isti və soyuq qəlyənaltılar, mürəbbələr aid edilə bilər. Şəkərbura, Bakı qurabiyəsi, Şəki ovması, Şəkərçörək, Ordubad dürməyi, Bərdə nanı, Şirvan açması, Şamaxı mütəkkələri, Quba tıxması, cürbəcür paxlavalar, Şəki külçəsi, Qarabağ kətəsi, Şəki paxlavası və s.  şirniyyat süfrələrinin bəzəyidir. Şirniyyat növlərinin müxtəlif bölgələrə uyğun adlandırılması da milli mətbəximizin zənginliyindən irəli gəlir. Çünki burada hər yerin, hər zonanın kulinariyası və əhalinin qida rasionu iqlimə uyğun olaraq dəyişkəndir.
Mürəbbələr isə təkcə süfrələrin bəzəyi deyil. Onlar həm də hər bir Azərbaycan xanımının evdarlığından xəbər verir.  Müxtəlif meyvələrdən hazırlanan bu şirniyyat növü əsasən çayla birlikdə süfrəyə verilir.

İÇKİLƏR

Bir qədər də içkilər barədə. Müxtəlif növ içkilər həm susuzluğu yatırır, həm də xörəklərdən sonra həzmə kömək edir. Süddən və turşumuş süd məhsullarından "ayran", "atlama", "bulama" kimi çoxlu içkilər var. Meyvə şirələrindən, müxtəlif bitki cövhərləri və şəkərdən istifadə etməklə növbənöv şərbətlər hazırlanır.  Səhləb, Ovşala, Xoşab, Qəndab kimi ənənəvi içki növləri və şərbətlər insana sərinlik, rahatlıq bəxş edir.  
Tut şirəsindən, qarpızdan, şəkər qamışından, çuğundurdan, üzümdən, yabanı xurmadan bişirilmiş qatı bəkməzdən hazırlanan içkilər susuzluğu yatırır, eyni zamanda sağlamlıq üçün faydalı hesab edilir.  Susuzluğu yatırmaq və “ağır”, yağlı xörəklərin həzmini yüngülləsdirmək üçün süfrəyə "ağır" xörəklərlə birlikdə "iskəncəbi" içkisi verilir. “İskəncəbi” bal və sirkənin qatışığından hazırlayırlar.  Bəzi mənbələrdə ona "sirkə balı" da deyilir. Bəzən bal əvəzinə qənddən istifadə edilir.  Bu içki bir növ insanı həzm işgəncəsindən “xilas edərək”, orqanizmdə mədənin fəaliyyətini asanlaşdırır.

ŞORABALAR

Azərbaycan xanımlarının daha bir mətbəx sirri də şorabalardır. Xüsusi reseptlər əsasında hazırlanan şorabalar daha çox duru və ana yeməklərlə birlikdə yeyilir.






 

ÇAY

Süfrələrimizi çaysız təsəvvür etmək mümkün deyil. Çay dəmlənmə texnologiyasından süfrəyə verilmə qaydasınadək Azərbaycan milli mədəniyyətinin bir parçasıdır. İstənilən Azərbaycan ailəsində evə gələn qonaga ilk növbədə çay verilir. Milli stəkan hesab olunan “armudu” stəkan istiliyi daha çox saxlayır, çayın soyumasının qarşısını alır.

 

 

SİZ DƏ QONAĞIMIZ OLUN

Azərbaycana gələn turistlərin hər birinin öz sevimli xörəyi var. Kimsə  italyansayağı spagettini, bəziləri rus mətbəxini, digərləri isə hamburger və kartofun dünyada ən dadlı qida olduğunu hesab edir. Əlbəttə bunların hər birinin öz yeri var. Amma Azərbaycan mətbəxinin ləziz təamlarını dadan hər bir turist bunu illərlə xatırlayır. Ölkəmizi gəzib gözəlliyinə valeh olan hər kəs onun nemətlərini də unutmur. Xörək və çay süfrəsi təkcə aclığı və susuzluğu yatırmağa xidmət etmir, bu həm də insanların bir araya gəlməsi, bir-birilə mehriban olması üçün bir vasitədir. İllərdən bəri gələn bu ənənə bu gün də yaşayır.
Bu gün Avropa, Çin və digər xalqların mətbəxini hazırlayan restoranlarla bərabər, qədim milli mətbəximizə üstünlük verən restoranlarımız sizi gözləyir.
 

RESTORANLARIN SİYAHISI

  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!