• Azərbaycan
  • English

2008

Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi layihəsində iştirakının ilk mərhələsi bu yarışmanı yayımlamaqla başlayıb. Eurovision Mahnı Müsabiqəsi Azərbaycanda ilk dəfə 2006-cı ildə yayımlanıb. Həmin ilin may ayında İctimai Televiziya Yunanıstanda keçirilən 51-ci Eurovision Mahnı Müsabiqəsini Azərbaycan izləyicilərinə təqdim edib. Bu ənənə 2007-ci ildə də davam edib və Finlandiyanın paytaxtı Helsinkidə təşkil olunan Avropanın möhtəşəm televiziya şousu-Eurovision Mahnı Müsabiqəsi ikinci dəfə Azərbaycan auditoriyasına yayımlanıb.

Artıq Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində fəal iştirakı üçün sosial təlabat var idi. 2007-ci ilin iyul ayında Azərbaycan İctimai Televiziya və Radio Yayımları  Şirkətinin timsalında Avropa Yayımları Birliyinə (EBU) üzv qəbul olundu. Elə həmin ildən də ölkəmiz Eurovision Mahnı Müsabiqəsi layihəsinə iştirakçı kimi qoşuldu.

Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində iştirakının ilk təşəbbüskarlarından biri və bu layihədə ölkəmizin iştirakını dəstəkləyən Heydər Əliyev Fondu olmuşdur.

Azərbaycan Eurovision Mahnı Müsabiqəsində ilk dəfə 2008-ci ildə təmsil olunub. Həmin il 70-dən artıq iddiaçı bu Mahnı Müsabiqəsində Azərbaycan təmsilçiliyinə namizəd kimi Milli Seçim turuna qatıldılar. Peşəkar münsiflər heyətinin rəyi əsasında finala vəsiqə qazanan 3 ifaçı ölkə təmsilçisi adı uğrunda mübarizəsini canlı efirdə davam etdirdi.

 
Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunan möhtəşəm konsert-“kiçik Eurovision”u xatırladan Milli Final gecəsi Turkiyənin TRT, Gürcüstanın Rustavi-1, Macarıstanın Duna televiziya kanalları ilə də birbaşa yayımlandı.

Milli Final gecəsində Eurovision Mahnı Müsabiqəsinin 2003, 2004 və 2007-ci illərdəki qalibləri Sertab Erener, Ruslana və Mariya Şerifoviç qonaq kimi çıxış etdilər.

Milli Seçim turlarının münsiflər kürsüsündə ölkənin tanınmış incəsənət xadimləri təmsil olunurdu. Onların qərarı ilə Serbiyanın paytaxtı Belqradda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün Elnur Hüseynov  və Samir Cavadzadə seçildilər.  Azərbaycan müsabiqədə  “Day after Day” mahnısı ilə təmsil olundu. Mahnının musiqisi bəstəkar Gövhər Həsənzadəyə, sözləri isə Zəhra Bədəlbəyliyə məxsusdur.

Ölkəmiz müsabiqədə birinci iştirakından uğur əldə etdi və 43 ölkə arasında fərqlənərək  8-ci yerə sahib oldu.  Azərbaycan Eurovision Mahnı Müsabiqəsində ilk çıxışından zəngin musiqisi ilə Avropa izləyicilərini valeh edə bildi.

Elnur & Samir

  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!